Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Exspressbank”ın aktivlərinin həcmi 2015-ci il aprelin 1-nə 293,930 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 11,68% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 10,04% artaraq 206,839 mln. manat olub.
2015-cü ilin birinci rübündə bankın istehlak kreditlərinin həcmi 81,078 mln. manata çatdırılıb ki, bu rəqəm 2014-cü ilin eyni dövrü ilə müqayisədə 39,85% artım deməkdir.
Hesabat dövründə bankın ipoteka kreditlərinin həcmi 42,05% artaraq 5,709 mln. manat olub və kreditlərin hamısı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.
Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 2,4 dəfə artaraq 7,342 mln. manat olub ki, bu da ümumi kredit portfelinin cəmi 3,55%-ni təşkil edir.
“Exspressbank”ın depozit portfeli 15,40% artaraq 129,454 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 23,16% artaraq 53,792 mln. manata çatıb.
Bir il ərzində bankın məcmu kapitalı 9,14% artaraq 142,282 mln. manata çatdığı halda, nizamnamə kapitalı 9,02% artaraq 122,444 mln. manat təşkil edib.
Bankın gəlirləri 12,32% artaraq 12,749 mln. manat, xərcləri isə 76,88% artaraq 11,122 mln. manat olub.
Cari ilin 3 ayı ərzində bankın əldə etdiyi mənfəət 1,627 mln. manat təşkil edib.
Hazırda bankın ölkə üzrə 17 filialı, 81 bankomatı, 6 738 POS-terminalı fəaliyyət göstərir.