“Gilan Holding” insan resurslarının idarə edilməsi sahəsi üzrə çalışan əməkdaşlarının qiymətləndirilməsini keçirib.
“APA-Economics” xəbər verir ki, imtahana holdinqin sənaye, kənd təsərrüfatı, gündəlik tələbat malları, tikinti, turizm və otelçilik, pərakəndə, maliyyə xidmətləri portfellərinin, həmçinin Bakı və regionlarda fəaliyyət göstərən müəssisə və təşkilatlarının 110 insan resursları peşəkarı qatılıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin əsas tədris binasında keçirilən imtahanda iştirakçılar 60 test sualını 2 saat ərzində onlayn şəkildə cavablandırmalı idilər. Suallar Əmək Qanunvericiliyi, İnsan Resurslarının Planlaşdırılması, Öyrənmə və İnkişaf, Xidməti Fəaliyyətin İdarə Edilməsi və Qiymətləndirilməsi kimi İR funksiyaları, Holdinqin İşə Qəbul siyasəti, Məntiq və dünyagörüşü sahələrini əhatə edib.
Nəticələr bəlli olduqdan sonra fərqlənən iştirakçıların müəssisə rəhbərliyi tərəfindən mükafatlandırılması nəzərdə tutulur.
Qeyd edək ki, imtahanın keçirilməsində əsas məqsəd “Gilan Holding”in insan resursları mütəxəssislərinin peşəkarlığını artırmaq, istedadlı kadrları aşkar edərək onların karyera planlanması üçün ümumi addımlar atmaq, eyni zamanda zəif tərəfləri müəyyən edib bu istiqamətdə müvafiq öyrənmə proqramları hazırlamaqdır.