Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Fitch” Kapital Bankın reytinqini yüksəldib.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Kapital Bank”ın 2014-cü ildə əsas fəaliyyət göstəriciləri üzrə əldə etdiyi mühüm nailiyyətlər “Fitch” beynəlxalq reytinq agentliyinin banka verdiyi yeni reytinqlərdə öz əksini tapıb. Agentlik bankın dayanıqlılıq reytinqini (Viability Rating) –b səviyyəsindən b səviyyəsinə qədər yüksəldib.
“Kapital Bank”ın dayanıqlılıq reytinqindəki bu müsbət dəyişiklik son dövrlər bankda müşahidə edilən davamlı inkişaf prosesləri və güclü kapitallaşma ilə əsaslandırılıb. Eyni zamanda bildirilib ki, dayanıqlılıq reytinqinin yüksəlməsi aktivlərin keyfiyyətindəki mümkün dəyişmələrdə “Kapital Bank”ın kifayət qədər möhkəmliyini və geniş kapital buferlərinin nəticələrini əks etdirir. Bu fakt “Kapital Bank”ın yeni inkişaf strategiyasının və biznes planının uğurla reallaşdırıldığını göstərir.
“Fitch”in banka verdiyi digər reytinqlər aşağıdakı kimidir:
- Xarici valyutada uzunmüddətli defolt emitenti reytinqi (Long-term foreign currency IDR): B+ (stabil proqnozla)
- Xarici valyutada qısamüddətli defolt emitenti reytinqi (Short-term foreign currency IDR): B
- Fərdi dəstək reytinqi (Support Rating): 4
- Uzunmüddətli emitentin defolt reytinqi üzrə dəstək reytinqi (Support Rating Floor): B+
Agentliyin yaydığı açıqlamada Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik bank kimi “Kapital Bank”ın dövlət əhəmiyyətli müxtəlif sosial layihələrin icrasında oynadığı rol xüsusi vurğulanıb. “Fitch” “Kapital Bank”ın son dövrlər pərakəndə kreditlərin verilməsi sahəsində qazandığı nəticələrə və əldə etdiyi yüksək mənfəətliliyə də diqqət yönəldib. Tətbiq olunan mexanizmlər hesabına bu kreditlər üzrə risklərin minimal səviyyədə olduğu göstərilib.
“Fitch” “Kapital Bank”ın likvidlik mövqeyini də sağlam qiymətləndirib. Qeyd edilib ki, lazımi qədər depozit yığımı imkanlarına malik olması və bankın böyük həcmli borclanmalarında qeyri-hökumət vəsaitlərinin olmaması “Kapital Bank”ın likvidlik mövqeyini daha da möhkəmləndirir.