Bakı. Pərviz Nuriyev - APA-Economics. 2014-cü ilin III rübündə “Kredobank” ASC-nin aktivlərinin həcmi 162,385 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 27,02% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 0,68% artaraq 100,964 mln. manat olub.
Bu il oktyabr ayının 1-nə bankın istehlak kreditlərinin həcmi 44 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 2,31 dəfə çoxdur.
Bu ilin III rübündə bankın ipoteka kreditlərinin həcmi 24,125 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 30,42% azdır. Hesabat dövründə ipoteka kreditlərinin 4,378 mln. manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.
Bu ilin 9 ayında bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 8,9% artaraq 24,383 mln. manat olub ki, bu da kredit portfelinin 24,15%-ni təşkil edir.
Bankın depozit portfeli hesabat dövrü ərzində 72,62% artaraq 28,826 mln. manat təşkil edib. Oktyabrın 1-nə əhalinin əmanətlərinin həcmi isə 13,078 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 11,37% azdır.
Bir il ərzində bankın məcmu kapitalı 1,90 % artaraq 54,754 mln. manata çatıb, nizamnamə kapitalı isə dəyişməyərək 50,540 mln. manat təşkil edib.
Bu ilin yanvar-oktyabr aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 71,12% artaraq 13,919 mln. manat, xərcləri isə 2,97 dəfə artaraq 13,108 mln. manata çatıb.
Bu ilin ilk 9 ayı ərzində bankın əldə etdiyi mənfəət 810.8 min manat təşkil edib.
Hazırda bankın ölkə üzrə 16 filialı, 4 bankomatı, 37 POS-terminalı fəaliyyət göstərir.