Bankdan “APA-Economics”ə verilən məlumata görə, tədbirdə iştirak edən “Muğanbank” ASC-nin Müşahidə Şurasının üzvü Şaiq Ələkbərov xeyriyyə aksiyasının həm Yeni Azərbaycan Partiyasının, həm də “Muğanbank” ASC-nin yaradılmasının 20-ci ildönümünə həsr olunduğunu xüsusi vurğulayıb.
Natiq Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdə mövcud uşaq evlərinə və valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqlara göstərdiyi diqqət və qayğının bütün vətəndaşlar üçün örnək olduğunu qeyd edib. Ş.Ələkbərov keçirilən aksiyanın davamlı olacağından söz açıb və uşaqlara ölkəmizə layiqli vətəndaş kimi yetişmələrini arzulayıb.
YAP-ın Nərimanov rayon təşkilatının nümayəndəsi Nizami Babaşov keçirilən tədbirin təqdirəlayiq olmasından danışaraq, körpələrin sevincli anlar yaşaması üçün partiya fəallarının “Muğanbank” ASC-nin əməkdaşları ilə həmişə həmrəy olacağını bildirib.
Uşaq evinin direktoru Məhbubə Hüseynova göstərilən qayğıya görə bütün kollektiv adından “Muğanbank” ASC-nin rəhbərliyinə və YAP nümayəndələrinə təşəkkür edib.
Sonra bankın əməkdaşları və YAP nümayəndələri uşaqlara müxtəlif hədiyyələr və qış geyimləri təqdim ediblər.
Aksiya uşaq evinin 12 yaşlı sakini Aylanın ad gününə təsadüf edib. Aksiya təşkilatçıları Aylanı ad günü münasibətilə təbrik edərək ona xoş arzularını çatdırıb və xatirə hədiyyəsi bağışlayıblar.
Daha sonra uşaqlar xüsusi təşkil olunmuş avtobuslarla “Smile City” əyləncə mərkəzinə gətirilmiş, orada şən klounların və sehrbazın iştirakı ilə oyunlar, viktorinalar, müsabiqələr, mahnı və rəqslərdən ibarət proqram təşkil olunub, uşaqlar üçün ləziz yeməklərlə bəzənmiş süfrə açılıb. Uşaqlar əyləncə mərkəzində şənlənib və sevinc hissləri keçiriblər.
Xatırladaq ki, hazırda Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 20 illik yubileyi münasibətilə müvafiq aksiyalar həyata keçirir.
«Muğanbank» ASC 1992-ci ildə yaradılıb. Yarandığı tarixdən Bankın məqsədi ölkə iqtisadiyyatının inkişafında iştirakçı olmaq, geniş əhali kütləsinə hər növ bank xidmətləri göstərmək və bununla da bank sistemində qabaqcıl maliyyə institutlarından birinə çevrilmək olub. Yarandığı tarixdən etibarən 20 il ərzində bank daim inkişaf yolunu tutmuş, illər keçdikcə Azərbaycanın bank sistemində möhkəmlənib, məhsul və xidmətləri həm keyfiyyət, həm də kəmiyyət baxımından artıb. «Muğanbank»ASC Azərbaycanın bank sisteminin stabilliyi və etibarlılığı ilə seçilən əsas iştirakçılarından biridir.