Bakı. Yeganə Laçınzadə - APA-Economics. Faşizm üzərində Qələbə gününün 70-ci il dönümü münasibətilə “Nikoil Bank” şəhərin 900 gün mühasirəsi zamanı dəhşətli anlar yaşayan, Leninqrad mühasirəsi İştirakçılarının İctimai Birliyinə (indiki Sankt-Peterburq) üzv olan Böyük Vətən Müharibəsinin veteranlarına öz köməyini göstərib.
Bankdan “APA-Economics”ə verilən xəbərə görə, görüş ənənəvi bayram naharı masası arxasında baş tutub. Eyni zamanda, görüşdə bankın İdarə Heyətinin sədri Vasiliy Viktoroviç Xamaza da iştirak edib. O, öz çıxışı zamanı qeyd edib ki, Azərbaycanda XX əsrin ən dəhşətli və qanlı müharibəsi toxunmayan ailə olmadığını bildirib.
“Mən bilmirəm ki, biz tarixdə necə iz qoyacağıq və bizim nəvələrimiz bizi necə xatırlayacaqlar, lakin, qan, ölüm, göz yaşı və qələbə sevinci görmüş bu insanlar daha bir neçə əsrlər yaddaşlarda qalacaqlar”, - deyə V. Xamaza qeyd edib.
Qeyd edək ki, Leninqrad mühasirəsi 1941-ci il 8 sentyabr tarixindən, 1944-cü il 27 yanvar tarixinədək davam edib. Bu illər ərzində müxtəlif hesablamalara görə 300 mindən 1,5 milyonadək mühasirədə olan insan həlak olub. Onlardan yalnız 3%-i bombalanma və artilleriya atəşindən, qalan 97%-i isə aclıqdan həlak olub.
Bundan başqa, 1941-1945-ci illər ərzində sovet hərbi sıralarına 600 minə qədər azərbaycanlı çağırılıb. Onların təxminən yarısı cəbhədə həlak olub.