Bakı. Musa Əhmədov – APA-Economics. “PAŞA Bank” Türkiyədəki törəmə strukturu ilə bağlı planlarını açıqlayıb.
“APA-Economics”in məlumatına görə, bankın İdarə Heyətinin sədri Fərid Axundov deyib ki, Türkiyə Mərkəzi Bankı tərəfindən lisenziyanın veriləcəyi təqdirdə, ilkin mərhələdə bankın bu ölkədəki nümayəndəliyi 100 mln. ABŞ dollarına yaxın kapitalla fəaliyyətə başlayacaq: “İlkin mərhələdə bu kapital fəaliyyət üçün kifayət edəcək. Sonrakı mərhələdə nizamnamə kapitalına yenidən baxıla bilər”.
F. Axundov qeyd edib ki, “PAŞA Bank” Türkiyədə nümayəndəlik açmaq qərarını verməzdən öncə, bank iki il ərzində bu ölkənin bazarının təhlilini aparıb: “Türkiyədə rəqabət yüksək səviyyədədir. Bizim Azərbaycanda, Gürcüstanda işləyən sahibkarlarımız Türkiyədə də fəaldırlar. Bəzi təhlillərə görə, Türkiyədə Azərbaycan kapitalı ilə yaradılan şirkətlərin sayı 5000-dən çoxdur. Bu da yaxşı göstəricidir. Biz fikirləşirik ki, həm Azərbaycan, həm də Türkiyə şirkətləri ilə işimizi yaxşı qura biləcəyik. Bankımız Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə, Türkiyə-Gürcüstan arasında ticarət münasibətlərinin yaradan şirkətlər arasında əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verə, bu şirkətlər arasında ticarətin maliyyələşməsinə fəal dəstək verə bilər”, -deyə bankın rəhbəri vurğulayıb.
O qeyd edib ki, yeni açılacaq nümayəndəlik əsasən Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədə yatırdığı sərmayələr hesabına yaranan kiçik və orta həcmli şirkətlərə faktorinq, ticarətin maliyyələşdirilməsi və s. xidmətlər göstərəcək.
F. Axundovun sözlərinə görə, nümayəndəlik daha çox investisiya bankı kimi fəaliyyət göstərəcək, eyni zamanda kiçik və orta sahibkarlığa xidmət göstərəcək: “Pərakəndə bankçılıq bazarında işləmək və depozit qəbul etmək niyyətimiz yoxdur”.
Bank rəhbəri ümid edir ki, Türkiyə Mərkəzi Bankı tərəfindən bank fəaliyyəti göstərməklə bağlı lisenziya bu il ərzində veriləcək.