Bakı. Musa Əhmədov – APA-Economics. 2014-cü ilin oktyabr ayının 1-nə “TuranBank”ın aktivləri 2013-cü ilin analoji dövrü ilə müqayisədə 16,8%, ötən ilin sonu ilə müqayisədə isə 13,9% artaraq 278,4 mln. manat təşkil edib.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat tarixinə bankın kredit portfeli 2013-cü ilin analoji dövrü ilə müqayisədə 18%, ötən ilin sonu ilə müqayisədə isə 20% artaraq 212,5 mln. manata çatıb.
Cari ilin sentyabr ayının sonuna bankın müştəri hesabları və depozit portfeli 131,7 mln. manat təşkil edib. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 67,7 mln. manat olub.
Bu ilin 9 ayında bankın nizamnamə kapitalı 47 mln. manat təşkil etməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artıb. Hesabat dövründə bankın məcmu kapitalı ötən ilin sonu ilə müqayisədə 14%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 22% artaraq 55 mln. manat təşkil edib.
2014-cü ilin yanvar-sentyabr ayı üzrə fəaliyyət nəticələrinə əsasən bankın gəlirləri 24,267 mln. manat, xərcləri isə 18,652 mln. manat təşkil edib. Hesabat dövrü ərzində bankın balans mənfəəti 5,615 mln. manat olub.
Bankın 15 xidmət nöqtəsi (onlardan 8-i regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad və Qazaxda olmaqla) və 17 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.