Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «Access Bank» ASC-nin aktivlərinin həcmi 2013-cü il yanvarın 1-nə 525,911 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 34,7% çoxdur.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 39,6% artaraq 412,126 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 42,860 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin əvvəlinə nisbətən 40,7% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi il ərzində 16,1% artaraq 2,888 mln. manata çatıb. Vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi isə 0,1 faiz bəndi azalaraq 0,5%-ə düşüb.
Bankın depozit portfeli 2012-ci ildə 11,1% artaraq 134,706 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 89,376 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 3,4% çoxdur.
Ötən il ərzində bankın məcmu kapitalı 13,1% artaraq 102,123 mln. manat, o cümlədən nizamnamə kapitalı 25,4% artaraq 85,000 mln. manat təşkil edib.
Xatırladaq ki, 2002-ci ildə fəaliyyətə başlayan «Access Bank»ın səhmdarları sırasında Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Lmaniya İnkişaf Bankı - KfW (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), «Access Microfinance Holding AG» (16,53%) və «LFS Financial Systems GmbH.» (3,47%) var. Hazırda bankın ölkə üzrə 34 filialı fəaliyyət göstərir. Bankın 1 521 işçisi var.