Azərbaycan indeks üzrə 100 mümkün baldan 42 bal toplayaraq qiymətləndirmədə iştirak edən 100 ölkə arasında 58-ci yerdə qərarlaşıb.
«APA-Economics»in məlumatına görə, bu nəticəyə əsasən, Azərbaycan hökuməti dövlət büdcəsi ilə bağlı əsas sənədləri ictimaiyyət üçün qismən açır və cəmiyyətə limitli informasiya ötürür. Qeyd edək ki, «Açıq Büdcə İndeksi-2010»da Azərbaycan 100 mümkün baldan 43 bal toplayaraq 94 ölkə arasında 52-ci yeri tutmuşdu. Yəni, indeks üzrə ölkəmizin topladığı balda cəmi 1 bal azalma qeydə alınıb. Ümumiyyətlə, qiymətləndirilən 100 ölkədən 77-də büdcə şəffaflığının baza standartları belə tam təmin olunmur.
Qeyd edək ki, Açıq Büdcə İndeksi (Open Budget Index) xüsusi sorğu vasitəsilə ölkələrin büdcə prosesinin şəffaflığını və əsas büdcə sənədlərinin əlçatanlığını ümumi şəkildə ölçməyə və digərləri ilə müqayisə etməyə imkan verən indeksdir. Bu indeks bütün dünyada büdcə şəffaflığının və hesabatlılığının bütün dünyada tam müstəqil ekspertlər tərəfindən qiymətləndirildiyi yeganə müqayisəli və müntəzəm indeksdir. İndeks ABŞ-ın Beynəlxalq Büdcə Tərəfdaşlığı (International Budget Partnership) təşkilatı tərəfindən hazırlanır və indeks hesablanarkən Açıq Büdcə Sorğusunun sualları əsas götürülür.
Açıq Büdcə Sorğusu (Open Budget Survey) 125 sualdan ibarətdir və onu tərəfdaş ölkələrdə müstəqil araşdırmaçılar tərtib edir. Bu suallardan 95-i hökumətin büdcə prosesinin müxtəlif mərhələlərində açıqlamalı olduğu 8 əsas büdcə sənədinin (büdcəöncəsi bəyanat, hökumətin büdcə layihəsi, təsdiqlənmiş büdcə, vətəndaş büdcəsi, aylıq və ya rüblük hesabatlar, yarımillik hesabat, illik yekun hesabat, audit hesabatı) ictimaiyyətə açıqlığı və əhatəliliyi ilə birbaşa olaraq bağlıdır. Qalan 30 sual isə büdcə prosesində ictimai iştirakçılıq imkanları, habelə qanunverici orqanın və ali audit qurumunun büdcənin formalaşması və büdcəyə nəzarət mərhələsində oynadığı rolla əlaqəlidir.
Tədqiqat əsasən 2011-ci ilin dekabrına qədər büdcə prosesində və büdcə sistemində olan dəyişiklikləri əhatə edib. Hesabatda Azərbaycan hökumətinin vacib büdcə sənədləri olan «büdcəöncəsi bəyanat» və «vətəndaş büdcəsi»ni hazırlayıb yaymaması, büdcənin icrası ilə bağlı hesabatların və digər büdcə sənədlərinin əhatəli olmaması, habelə qanunverici orqanın və Hesablama Palatasının büdcə prosesi üzərində ciddi nəzarət qura bilməməsi vurğulanır.