Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Amrahbank» ASC 2013-cü ilin yanvar-avqust aylarını 4 mln. manat həcmində mənfəətlə başa vurub. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Amrahbank»ın mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 dəfə artıb.
Qeyd edək ki, «Amrahbank» həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir. Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən «Amrahbank»ın strateji səhmdarıdır.
Hazırda bankın 20 filialı və 2 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionları əhatə edir.