Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «AXA-Mbask» sığorta şirkəti Xəzər Avropa İnteqrasiya İşgüzar Klubundan (Caspian Europe Integration Business Club - CEIBC) beynəlxalq «Caspian Energy Integration Award-2013» mükafatını alıb.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, CEIBC tərəfindən 32 ölkədə, Xəzər-Qara dənizi və Baltik dənizi regionlarında fəaliyyət göstərən 1 500 şirkətin top-menecerləri və orta səviyyə menecerləri arasında (7 500 respondent) keçirilmiş sorğunun nəticələrinə görə «AXA-Mbask» yenidən «İlin Sığorta Şirkəti» mükafatına layiq görülüb.
Təqdimat mərasimində mükafatı qəbul edən «AXA-Mbask»ın İdarə Heyətinin sədr müavini Selçuk Adıgüzel şirkətin son iki ildə əldə etdiyi nailiyyətlərdən danışaraq, yerli sığorta bazarının inkişafına və əhaliyə yüksək keyfiyyətli sığorta xidmətlərinin göstərilməsinə yönəlmiş fəaliyyəti xüsusi vurğulayıb.
Qlobal Sığorta Qrupunun üzvü olan «AXA-Mbask» sığorta şirkəti 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarını tətbiq etməyə başlayıb. Belə ki, satışın sığorta agentləri vasitəsilə inkişafı planı həyata keçirilərək, qısa müddət ərzində bütün Azərbaycan ərazisində 80-ə yaxın fiziki və hüquqi şəxslərlə, həmçinin maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş sığorta polislərinin satış məntəqəsi açılıb.
Qeyd etmək lazımdır ki, bu, şirkətin bazara çıxdığı gündən etibarən aldığı dördüncü mükafatdır. Belə ki, «Caspian Energy Integration Award-2013» mükafatdan əlavə, «AXA-Mbask» 2011-ci ildə analoji mükafatını alıb. Həmçinin, şirkət «Azərbaycan bazarında beynəlxalq sığorta təcrübəsinin tətbiqinə töhfə» (2011-ci il) və «İlin Sığorta Şirkəti» (2013-cü il) nominasiyalarda «Uğur» milli mükafatına layiq görülüb.
«Caspian Energy Integration Award-2013» mükafatı ilə təltif olunma mərasimi artıq 9-cu dəfədir keçirilir və ölkə ərazisində istehsal və sosial fəaliyyət sahələrində daha fəal çalışan, habelə dünya bazarlarında öz fəaliyyətinin coğrafiyasını dinamik şəkildə genişləndirən şirkətlərin, təşkilatların və dövlət strukturlarının başçılarına təqdim edilir.