Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «AXA-Mbask» sığorta şirkəti zərərin tənzimlənməsi məqsədi ilə sığorta iddialarının emalını avtomatlaşdırmaq üçün xüsusi proqram təminatı hazırlayıb. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, proqram təminatı ilə sığorta ödəmələri ilə bağlı məlumatı daxil etməkdən başlayaraq hesabatın tərtibatınadək müştəri ilə aparılan işlərin bütün mərhələlərini on-line rejimində bir neçə dəqiqə ərzində başa vurmaq mümkündür.
Bu yenilik sığorta hadisəsinin qeydiyyatı, sığorta hadisəsi haqqında məlumatın (təsviri, şəkillərin yüklənməsi, hadisənin iştirakçıları haqqında) daxil edilməsi, sığorta hadisəsinin həllinə məsul şəxslərin təyini, müştərinin şirkətə gəlişinin hazırlanması kimi hərəkətləri tezləşdirib tənzimləməyə də imkan verir.
Bununla yanaşı, ölkənin bütün regionlarda fəaliyyət göstərən şirkətin qəza komissarları baş verən yol-nəqliyyat hadisəsi barədə sığorta şəhadətnaməsi tərtib edən sığorta agentini və bölgə rəhbərini avtomatik olaraq xəbərdar edirlər. Bundan sonra məsələni nəzarətdə saxlayacaq sığorta agenti və bölgə rəhbəri müştərinin sığorta şirkətində nümayəndəsi kimi lazımi sənədləri toplamaq, məsləhətlər vermək kimi işləri görəcək.
«Şirkət nağd ödəməni ən qısa zamanda, ləngimələrsiz və bürokratik gecikdirmələrə yol vermədən həyata keçirir. Bundan əlavə, bölgələrə ödəmələr bank köçürməsi vasitəsilə aparılır ki, buna görə yerli sığortalının və ya zərərçəkənin şirkətin Bakıdakı mərkəzi ofisinə gəlməsinə ehtiyac qalmır», - deyə şirkətdən bildirilib.