Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC bir ölkədən digərinə təcili pul köçürən şəxslər üçün güzəştli kampaniya elan edir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, dekabrın 1-dən başlayan kampaniya çərçivəsində bonus kart sahibləri güzəştli şərtlərlə arayışsız kredit əldə edə biləcək.
Bonus kartı 2010-cu ilin aprel ayından etibarən bankın təcili pulköçürmə xidmətlərindən yararlanmış müştərilərə verilən xüsusi kartdır. Kart təcili pulköçürmə sistemləri vasitəsilə əməliyyat (köçürmə və göndərilmiş vəsaitin nağdlaşdırılması əməliyyatları) aparan bütün müştərilərə pulsuz təqdim olunur. Kartların sahibləri köçürülən və alınan vəsaitin 0,2%-dək bonus qazanır və yığılan bonusun məbləği 5 manatdan artıq olduqda həmin bonusları nağdlaşdıra bilir. Bonus kartından vəsaitin nağdlaşdırılması yalnız «Bank of Baku»nun ATM və POS terminalları vasitəsilə aparıla bilər.
Kampaniyanın əsas üstünlüklərindən biri arayışsız güzəştli kredit almaq imkanından ibarətdir. Kredit üçün müraciət ayı daxil olaraq son 12 ayın ən azı 6 ayında bankın təcili pul köçürmələri xidmətindən istifadə edən və sonuncu istifadədən 3 aydan çox müddət keçməyən müştərilər arayış təqdim etmədən kredit əldə edə biləcək. Təcili köçürmə müştəriləri üçün arayışsız kreditin məbləği onun bankla iş tarixçəsindən asılı olaraq dəyişir və maksimal olaraq 2 min manatdır. Bonus kart sahibi eyni zamanda bankın istehlak kreditləri üzrə müştərisi olarsa maksimal kreditin məbləği 5 min manatadək ola bilər. Bu zaman ona standart faiz dərəcəsindən əlavə endirim edilir.
Bu kampaniyanın şərtləri ilə daha yaxından tanış olmaq üçün «Bank of Baku»nun Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək olar, həmçinin bankın www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsini ziyarət edib istənilən sual vermək olar.