Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC tərəfindən 2012-ci ilin yanvar-noyabr ayları ərzində buraxılan yeni kredit kartlarının sayı 125 413 ədəd təşkil edib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumata əsasən, 2012-ci ilin noyabr ayının sonuna qədər buraxılan kredit kartlarının ümumi sayı 210 min ədəddən çox artaraq 377 minə çatıb ki, beləliklə bank üzrə artım göstərici ölkə üzrə artımın 60%-nə bərabər olub.
Banka məxsus kredit kartlarının əksəriyyətini «Bolkart», loyal müştərilərə verilən «Dostlar Klubu» kartları, «Visa» və «Master Card» kredit kartları, «Mybrands» və «İdeal» ko-brend kredit kart növləri təşkil edir. «Məhz bu kredit kartları hazırda vətəndaşlar arasında daha böyük populyarlığa malikdir. Hazırda isə toplam olaraq «Bank of Baku»ya 160 mindən artıq kart məxsusdur», - deyə bankdan bildirilib.