Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Silk Way» ASC-nin aktivlərinin həcmi 2013-cü il yanvarın 1-nə 188,228 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,4 dəfə çoxdur.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 70,6% artaraq 45,933 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 11,771 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin əvvəlinə olan göstəriciyə nisbətən 2 dəfə çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi il ərzində 17,8% artaraq 5,460 mln. manata çatıb. Vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 3,0 faiz bəndi azalaraq 2,9%-ə düşüb.
Bankın depozit portfeli 2012-ci ildə 3 dəfə artaraq 99,879 mln. manata çatıb. O cümlədən , əhalinin əmanətlərinin həcmi 28,384 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 2,9 dəfə çoxdur.
Ötən il ərzində bankın məcmu kapitalı 85,1% artaraq 75,716 mln. manat, o cümlədən nizamnamə kapitalı 2 dəfə artaraq 70,192 mln. manat təşkil edib.
Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 1,70% artaraq 8 251, o cümlədən fiziki şəxslərin sayı 4,0% artaraq 8 110, hüquqi şəxslərin sayı 55,1% azalaraq 141 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il yanvarın 1-nə 9 196-ya bərabər olub ki, bu da illik müqayisədə 31,5% çoxdur. O cümlədən, debet kartların sayı 2012-ci ildə 27,4% artaraq 8 816-ya, kredit kartların sayı 4,9 dəfə artaraq 380-ə çatıb.
Hazırda bankın ölkə üzrə 6 filialı, 21 bankomatı, 118 POS-terminalı fəaliyyət göstərir. Bankın 113 işçisi var, orta aylıq əmək haqqı isə 750 manata bərabərdir.