Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Standard» ASC 10 günlük «Super Trader» yarışmasına start verir.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, yarışa qoşulmaq istəyənlər martın 3-dək www.trader.bankstandard.com/az/joinlinks/ saytına daxil olub qeydiyyatdan keçə bilərlər.
Martın 4-də start veriləcək treyderlərin yarışması martın 14-dək davam edəcək. İştirakçılar «Bank Standard Trader» platforması vasitəsilə onlayn rejimdə (24/7) dünyanın 25 birjasında «Forex» (160-dan çox valyuta cütlüyü), səhmlər (14 min səhm), CFD (8 400 müqavilə), fyuçers (21 dünya birjasından 175-dən çox müqavilə növü), opsionlar və digər derivativlər daxil olmaqla çoxlu sayda maliyyə alətləri ilə əməliyyat aparmaq imkanı əldə edəcəklər. Hər bir iştirakçı üçün açılacaq demo hesabdakı vəsaitin məbləği 100 min dollar təşkil edəcək.
«Super Trader» yeni başlayan və təcrübəli treyderlərə öz ticarət strategiyalarını yoxlamağa, bilik və bacarıqlarını artırmağa şərait yaradacaq, əməliyyatlar uğurla nəticələndikdə isə «Bank Standard»da açılacaq hesablarına pul uduşu qazanmağa imkan verəcək. Yarışmanın nəticələrinə əsasən, gəlirlərinin həcminə görə ilk 3 yeri tutan iştirakçıların hesablarına real bazarda əməliyyatlar aparmaq üçün pul uduşları köçürüləcək. Ən yüksək nəticəyə sahib olan iştirakçı 3 min dollar, ikinci yeri tutan şəxs 2 min dollar, üçüncü yerin sahibi isə 1 min dollar məbləğində pul uduşu ilə mükafatlandırılacaq.
Qeyd edək ki, «Bank Standard»ın «Super Trader» yarışmasında iştirak pulsuzdur.