Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Deka Bank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 500 manat, sayı 47 970 ədəd, emissiyanın ümumi həcmi isə 23,985 mln. manat təşkil edir. Emissiya «Deka Bank»ın bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 279,7 manat olan 47 970 ədəd və 13 417 209 manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 78,8% artaraq 23,985 mln. manata çatacaq.
Qeyd edək ki, «Deka Bank» 1992-ci ildən fəaliyyət göstərir. Bu ilin yanvarın 1-nə bankın aktivləri 59,282 mln. manat, depozit portfeli 18,865 mln. manat, kredit portfeli 46,588 mln. manat, məcmu kapitalı 14,105 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,417 mln. manat təşkil edib.