Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Ekspress Bank» ASC-nin aktivlərinin həcmi 2014-cü il yanvarın 1-nə 233,509 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 6,9% azdır.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 62,4% artaraq 180,405 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 55,968 mln. manat təşkil edib ki, bu da 2013-cü il yanvarın 1-nə nisbətən 27,3% çoxdur.
Bankın depozit portfeli ötən il 34,3% azalaraq 95,496 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 38,466 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 35,6% çoxdur.
Hesabat ilində bankın məcmu kapitalı 25,4% artaraq 127,713 mln. manat, o cümlədən nizamnamə kapitalı 28,5% artaraq 112,318 mln. manat təşkil edib.
Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 34,5% artaraq 65 102, o cümlədən fiziki şəxslərin sayı 34,3% artaraq 64 595, hüquqi şəxslərin sayı 40,4% artaraq 507 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2014-cü il yanvarın 1-nə 29 180-ə bərabər olub ki, bu da illik müqayisədə 6,6% çoxdur. O cümlədən, debet kartların sayı 4,0% artaraq 27 559-a, kredit kartların sayı 79,9% artaraq 1 621-ə çatıb.
Hazırda bankın ölkə üzrə 16 filialı, 68 bankomatı, 266 POS-terminalı fəaliyyət göstərir. Bankın 408 işçisi var.