Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Express Bank» ASC-nin aktivlərinin həcmi 2013-cü il yanvarın 1-nə 250,737 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə nisbətən 45,5% çoxdur.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 29,1% artaraq 105,092 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 26,635 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin əvvəlinə olan göstəriciyə nisbətən 62,2% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi il ərzində 88,3% artaraq 1,879 mln. manata çatıb. Vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi isə 0,6 faiz bəndi artaraq 1,8% olub.
Bankın depozit portfeli 2012-ci ildə 2 dəfə artaraq 145,481 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 34,462 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 43,2% çoxdur.
Ötən il ərzində bankın məcmu kapitalı 25,4% artaraq 99,736 mln. manat, o cümlədən nizamnamə kapitalı 31,1% artaraq 87,407 mln. manat təşkil edib.
Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 16,3% artaraq 48 440, o cümlədən fiziki şəxslərin sayı 16,0% artaraq 48 049, hüquqi şəxslərin sayı 67,9% artaraq 361 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il yanvarın 1-nə 27 441-ə bərabər olub ki, bu da illik müqayisədə 6,7% azdır. O cümlədən, debet kartların sayı 2012-ci ildə 8,5% azalaraq 26 540-a, kredit kartların sayı 2,2 dəfə artaraq 901-ə çatıb.
Hazırda bankın ölkə üzrə 14 filialı, 60 bankomatı, 277 POS-terminalı fəaliyyət göstərir. Bankın 326 işçisi var.