Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən «Finance Leasing» ASC Bakı Fond Birjası (BFB) vasitəsilə təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlayıb.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 500 manat, sayı 800 ədəd, emissiyanın ümumi həcmi isə 400 min manat təşkil edir. Sözügedən qiymətli kağızların tədavül müddəti 720 gün, gəlirliyi illik 14%, faiz ödəniş dövrünün müddəti isə 90 gün təşkil edir.
İstiqrazların yerləşdirilməsində anderrayter rolunda «Texnika Kapital Menecment» MMC çıxış edir.
Qeyd edək ki, «Finance Leasing» ASC 2007-ci ilin mart ayında yerli 16 fiziki şəxs tərəfindən təsis olunub. Lizinq əməliyyatlarının maliyyələşdirilməsi ilə yanaşı şirkət yerli avadanlıq istehsalçıları və maliyyə qurumları ilə (bank və sığorta təşkilatları) sıx əməkdaşlıq edir. Lizinq sahəsində isə şirkət əsas diqqəti fiziki şəxslərin, kiçik və orta sahibkarlıq subyektlərinin layihələrinin maliyyələşdirilməsinə yetirir.