Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bank sisteminə təxminən 750 mln. manat həcmində əlavə kapitallaşma tələb olunur. «APA-Economics»in məlumatına görə, bunu «Fitch Ratings» agentliyinin maliyyə institutları üzrə direktoru Dmitri Abramov bildirib.
D.Abramovun sözlərinə görə, bu, həm kiçik, həm də orta həcmli banklara aiddir. Agentlik rəsmisi vurğulayıb ki, əgər orta həcmli bankların əlavə kapitallaşma cəlb etməsi ehtimalı çoxdursa, bəzi kiçik banklar üzrə bu gözləntilər mənfidir. D.Abramov bildirib ki, Mərkəzi Bankla keçirilən görüşlərdə bəyan edilib ki, kapitalın artırılması ilə bağlı son tələbin tətbiqindən sonra Azərbaycan bazarında 30-35 bankın qalması da mümkündür.
D.Abramov qeyd edib ki, Mərkəzi Bank iqtisadiyyata dəstək siyasətini bank sistemində mərkəzləşdirilmiş kreditlər vasitəsi ilə həyata keçirir. Lakin iqtisadiyyatın sektorlar üzrə müşahidə olunan qeyri-bərabərlik, disbalansın daxili siyasi amillərlə bağlı olması səbəbindən yekun faiz dərəcələri aşağı düşmür. Həmçinin, yüksək faiz dərəcələri ilk növbədə istehlak kreditləşməsində olan yüksək risklərlə bağlıdır.