«APA-Economics»in məlumatına görə, əsas təqdimatla çıxış edən «Fitch Ratings»in İnkişafda olan Avropa ölkələri üzrə direktoru Çarlz Sevill (Charles Seville) bəyan edib ki, Azərbaycanın «BBB-» səviyyəsində olan reytinqini şərtləndirən müsbət amillər sırasında ilk növbədə güclü maliyyə mövqeyi qeyd edilməlidir.
Belə ki, dövlət borcunu çıxılmaqla Azərbaycanın məcmu ehtiyatlarının həcmi ÜDM-in 59%-nə bərabərdir, bu isə «BBB-» səviyyəli ölkələr sırasında ən yüksək göstəricidir. Bundan əlavə bildirilib ki, ölkənin 14 mlrd. barel həcmində neft ehtiyatları (Agentliyin hesablamalarına görə, bu, 38 illik hasilata bərabərdir) və 2,2 trln. kubmetr qaz ehtiyatları var. Həmçinin, cari hesabın balansının davamlı müsbət saldolu olması müsbət amillərdən biridir.
Eyni zamanda, zəif amillər sırasında ilk növbədə ixracın 96%-nin neftin payına düşməsi, neft hasilatının başa çatmasından sonra nə olacağının məlum olmaması, geosiyasi risklər və maliyyə sektorunun güclü olmaması qeyd edilib.
Ç.Sevill həmçinin öz təqdimatında Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin neftin qiymətinin 1 barel üçün 60, 80, 100 və 120 dollar olacağı təqdirdə həcm üzrə təxmini proqnozlarını açıqlayıb. Belə ki, ən nikbin ssenari üzrə (120 dollar/barel) aktivlər 2018-ci ilə qədər 47-48 mlrd. manat, ən bədbin ssenari üzrə (60 dollar/barel) isə 10 mlrd. manat olacağı proqnozlaşdırılır.
Bundan əlavə, o, ÜDM üzrə təxmini proqnozları da açıqlayıb. Belə ki, ÜDM-in artımı 2013-cü ildə təxminən 3%, 2014-cü ildə təxminən 5%, o cümlədən qeyri-neft ÜDM-in artımın müvafiq olaraq 8% və 6-7% olacağı proqnozlaşdırılır. Bundan əlavə, «Fitch» mütəxəssisləri büdcə xərclərinin artım tempinin 2013-2014-cü illərdə müəyyən dərəcədə azalacağını proqnozlaşdırırlar ki, bu da müsbət amil kimi qiymətləndirilir.
Xatırladaq ki, «Fitch Ratings» agentliyi Azərbaycana sabit proqnozla «BBB-» reytinqini 2012-ci ilin mayında verib.