Bakı - APA-Economics. Bu gün “PAŞA Həyat Sığorta” ASC-də “Azərbaycanın sığorta bazarında həyat sığortasının rolu: həyat sığortasının inkişafı və potensial imkanları” mövzusunda jurnalistlər arasında yazı müsabiqəsində gəlmiş jurnalistlərin mükafatlandırma mərasimi keçirilib.
“APA-Economics”in xəbərinə görə, jurnalistlər və qonaqların iştirakı ilə keçirilən tədbirdə müsabiqəyə təqdim olunmuş yazılar müzakirə olunub.
“PAŞA Həyat Sığorta” ASC-nin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Elnur Hüseynquluyev bildirib ki, müsabiqə üzrə təqdim olunmuş məqalələr, o cümlədən qalib gəlmiş yazılar tam şəffaflıq prinsipləri əsasında yoxlanılaraq müəyyənləşdirilib. Daha sonra müsabiqənin qalibləri açıqlanıb. Müsabiqədə ilk yeri APA İnformasiya Agentliyinin əməkdaşı Əli Əhmədov tutub. Tədbirin sonunda qaliblərə pul mükafatları təqdim olunub.
E.Hüseynquluyev ölkədə həyat sığortasının təbliği, eyni zamanda əhalinin maarifləndirilməsi üçün şirkət tərəfindən il ərzində belə müsabiqələrin keçiriləcəyini bildirib və növbəti müsabiqələrdə jurnalistlərin daha da yaxından iştirak etməsini xahiş edib.
Qeyd edək ki, “PAŞA Həyat Sığorta” ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Ötən il şirkətin topladığı sığorta haqlarının həcmi 14,697 mln. manat, ödənişləri isə 0,360 mln. manat olub. Cari ilin fevral ayının 1-nə şirkətin nizamnamə kapitalı 15,050 mln. manat təşkil edib.