Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış «PAŞA Həyat Sığorta» ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti irihəcmli sığorta ödənişini həyata keçirib. Şirkətin marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, «PAŞA Həyat Sığorta» ASC-də sığortalanan müəssisələrin birinin işçisi istehsalat prosesi zamanı bədbəxt hadisə nəticəsində ciddi xəsarət alaraq peşə əmək qabiliyyətini 60%-ni müddətsiz itirib və həmin şəxsə III qrup əlillik dərəcəsi təyin edilib.
Zərərçəkmişlə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, həmçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydasının müvafiq bəndi tətbiq edilməklə 48 846 manat həcmində birdəfəlik sığorta ödənişi sığortalının bank hesabına köçürülüb.
Qeyd edək ki, 2012-ci ildə «PAŞA Həyat Sığorta» şirkəti tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə 264 min manata yaxın sığorta ödənişi verilib.
Xatırladaq ki, «PAŞA Həyat Sığorta» ASC 2010-cu ilin noyabr ayında dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziyanı (5 illik) isə 2011-ci ilin fevralında alıb. Ötən il şirkətin topladığı sığorta haqlarının həcmi 14,697 mln. manat, ödənişləri isə 0,360 mln. manat olub. Bu il fevralın 1-nə şirkətin nizamnamə kapitalı 15,050 mln. manat təşkil edib.