Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC 20 sentyabr - Neftçilər Günü münasibətilə yeni endirim kampaniyasına start verib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, yeni kampaniyanın şərtlərinə əsasən, bankdan 2 illik kredit alan neftçilərə son 1 ilin kredit faizləri hədiyyə olunacaq.
Belə ki, neft sahəsində çalışanlar «Rabitəbank»dan istənilən məqsəd üçün 24 aylıq nağd pul krediti aldığı təqdirdə son 12 ayın krediti üzrə faiz ödəməyəcəklər. Kampaniya çərçivəsində 18 aylıq kredit götürən neftçilərin faizsiz güzəşt dövrü 6 ay, 12 aylıq kredit götürənlərdə isə 3 ay təşkil edəcək. Kampaniya oktyabrın 20-dək davam edəcək.
Güzəştli kredit kampaniyası çərçivəsində neft-qaz sahəsinə aidiyyəti olan bütün yerli və xarici özəl və dövlət şirkətlərində çalışanlar bu şərtlərlə kredit ala bilər. Güzəştli krediti götürmək istəyən neftçilər bankın istənilən filialına müraciət edə bilər. Hazırda «Rabitəbank»ın Bakıda 7 filialı, Sumqayıt, Gəncə, Şirvan, Şamaxı, Şəmkir, Şəki, Quba, Qusar, Xaçmaz, Ağcabədi, Ağsu, Kürdəmir, Lənkəran, Naxçıvan da daxil olmaqla ölkənin bir çox regionlarında filial və şöbələri fəaliyyət göstərir. Əlavə məlumatı bankın www.rabitabank.com saytından və 133 telefon nömrəsindən əldə etmək olar.