Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «TBC Kredit» bank olmayan kredit təşkilatının kredit portfeli 2013-cü il yanvarın 1-nə 36,6 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 33% çoxdur. Təşkilatın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kredit portfelində 3 860 aktiv kredit var.
Portfeldə 47%-lə biznes kreditləri üstünlük təşkil edir, ipoteka və istehlak kreditlərinin payı müvafiq olaraq 20% və 33%-dir. Maliyyələşdirilməsi 3,5 il bundan əvvəl başlayan mikrobiznes kreditlərinin biznes portfelində xüsusi çəkisi 50%-ə yaxındır.
Hesabat ilində istehlak kreditləri portfeli 43% artaraq 12,2 mln. dollar, mikrobiznes kreditləri portfeli 110% artaraq 8,4 mln. dollar təşkil edib.
Ötən il ərzində təşkilat beynəlxalq maliyyə institutlarından ümumilikdə 8,5 mln. dollar həcmində vəsait cəlb edib ki, kreditorlar arasında «MicroVest», «ResponsAbility Social Investments AG» və «Triple Jump» var.
Bu ilin sonuna kimi «TBC Kredit» mövcud kredit portfelini təxminən 23% artıraraq 45 mln. dollara çatdırmağı planlaşdırır. Prioritet olaraq biznes layihələrinin maliyyələşdirilməsi qalır.
Xatırladaq ki, «TBC Kredit» Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir, 2007-ci ilin dekabr ayından şirkətin 75%-i Gürcüstanın «TBC Bank»a, 25%-i isə ABŞ-ın «ShoreBank International Ltd.» təşkilatına məxsusdur.