Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bakı (EBRD) «TBC Kredit» bank olmayan kredit təşkilatına 2,5 mln. ABŞ dolları məbləğində kredit ayıracaq. «APA-Economics»in məlumatına görə, bu barədə EBRD-nin rəsmi internet səhifəsində bildirilir.
EBRD-nin məlumatına əsasən, «TBC Kredit»ə ayrılacaq məbləğ Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Bundan başqa, daha 1 mln. dollar «TBC Kredit»ə Tayvan Beynəlxalq Əməkdaşlıq və İnkişaf Fondu (Taiwan ICDF) tərəfindən ayrılacaq.
«Cəlb edilmiş vəsait «TBC Kredit»in kredit portfelinin genişləndirilməsi və diversifikasiyasını təmin edəcək», - deyə EBRD-nin məlumatında bildirilir.
Qeyd edək ki, «TBC Kredit» Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir, 2007-ci ilin dekabr ayından şirkətin 75%-i Gürcüstanın «TBC Bank»ına, 25%-i isə ABŞ-ın «ShoreBank International Ltd.» təşkilatına məxsusdur.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildən EBRD-nin üzvüdür. Bu günə kimi EBRD Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə 2,1 mlrd. avro vəsait yönəldib. Bank əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsinə, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və qeyri-neft özəl sektorun inkişaf etdirilməsinə yetirir.