Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Turan Bank» ASC-nin aktivlərinin həcmi 2013-cü il yanvarın 1-nə 221,441 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 29,3% çoxdur.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 34,5% artaraq 163,618 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 33,794 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin əvvəlinə olan göstəriciyə nisbətən 43,2% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi il ərzində 27,9% azalaraq 5,802 mln. manata düşüb. Vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi isə 3,0 faiz bəndi azalaraq 3,6%-ə enib.
Bankın depozit portfeli 2012-ci ildə 22,7% artaraq 90,451 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 57,903 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 15,2% çoxdur.
Ötən il ərzində bankın məcmu kapitalı 30% artaraq 33,824 mln. manat, o cümlədən nizamnamə kapitalı 36,4% artaraq 30 mln. manat təşkil edib.
Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 43,0% artaraq 38 524, o cümlədən fiziki şəxslərin sayı 43,8% artaraq 37 772, hüquqi şəxslərin sayı 11,6% artaraq 752 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il yanvarın 1-nə 11 452-yə bərabər olub ki, bu da illik müqayisədə 18,9% çoxdur. O cümlədən, debet kartların sayı 2012-ci ildə 20,4% artaraq 9 748-ə, kredit kartların sayı 10,6% artaraq 1 704-ə çatıb.
Hazırda «Turan Bank»ın ölkə üzrə 12 filialı, 20 bankomatı, 261 POS-terminalı fəaliyyət göstərir. Bankın 327 işçisi var.