Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın «Turan Bank» ASC-nin aktivlərinin həcmi son bir ildə 24,1% artaraq 2013-cü il fevralın 1-ə 214,1 mln. manata çatıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə bankın məlumatında deyilir.
Bankın kredit portfeli 2013-cü ilin əvvəli ilə müqayisədə 0,4%, 2012-ci ilin analoji dövrü ilə müqayisədə isə 32,48% artaraq 162,1 mln. manat təşkil edib.
«Turan Bank»ın depozit portfeli ilin əvvəli ilə müqayisədə 0,5%, 2012-ci ilin analoji dövrü ilə müqayisədə isə 17,4% artıb. Depozit portfelinin strukturunda əhalinin müddətli əmanətləri 2012-ci ilin analoji dövrü ilə müqayisədə 9,2% artaraq 57,9 mln. manat təşkil edib.
Bankın məcmu kapitalı bu ilin əvvəli ilə müqayisədə 1,33% artaraq 34,3 mln. manata çatıb, nizamnamə kapitalı isə yenidən kapitallaşma prosesi nəticəsində 30 mln. manata çatdırılıb ki, bu da ilin əvvəli ilə müqayisədə 36,4% çoxdur. Bankın nizamnamə kapitalı strukturu ümumilikdə 27 səhmdar olmaqla 5 hüquqi (19,41%) və 22 fiziki şəxsdən (80,59%) ibarətdir.
Bu ilin yanvar ayı nəticələsində Bankın gəlirləri 2 mln. manat, xərcləri isə 1,5 mln. manat təşkil edib. Hesabat dövrü ərzində bankın balans mənfəəti 0,45 mln. manat olub.
Hazırda Bankın 12 filialı (o cümlədən, 6-sı regionlarda) və 20 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.