Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın «Unibank» ASC kredit faizlərini kəskin aşağı salıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə bankın məlumatında deyilir.
Məlumata əsasən, bankın keçirdiyi yeni aksiya çərçivəsində müştərilər 6% daha ucuz kredit əldə edə biləcəklər. Bu kampaniya fevralın 28-dək qüvvədədir. «Unibank»ın nağd kreditlərində minimal əmək haqqına və paytaxt qeydiyyatına tələb yoxdur. Artıq bankın kreditlərindən 20 yaşdan yuxarı və kreditin bitmə müddətinə 70 yaşı tamam olan hər bir ölkə vətəndaşı faydalana biləcək.
«Unibank» müştərilər üçün arayışsız kreditlərin həcmini də 5 min manatadək (6,2 min dollar) artırıb. İş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə verilən arayışsız kreditləri bankın bütün paytaxt və rayon filiallarında almaq mümkündür. Başqa banklarda kredit borcu olanlara da arayışsız kredit verilir.
Müştərilərinə bütün həftəni xidmət etmək üçün «Unibank»ın filialları şənbə günləri də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsi olmadan işləyir. Bankın Bülbül pr-ti,10 ünvanında, «Sahil» metro stansiyası yaxınlığında yerləşən eyni adlı filialı günün 24 saatı fəaliyyətdədir.