Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC-nin aktivlərinin həcmi 2013-cü il yanvarın 1-nə 854,609 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan göstərici ilə müqayisədə 19,5% çoxdur.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 46,7% artaraq 663,526 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 38,762 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin əvvəlinə olan göstəriciyə nisbətən 72,4% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi il ərzində 19,9% azalaraq 10,846 mln. manata, vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi isə 1,4 faiz bəndi azalaraq 1,6%-ə çatıb.
Bankın depozit portfeli 2012-ci ildə 24,7% artaraq 523,674 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 405,498 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 32,3% çoxdur.
Ötən il ərzində bankın məcmu kapitalı 10,4% artaraq 191,386 mln. manat, o cümlədən nizamnamə kapitalı 20,4% artaraq 169,099 mln. manat təşkil edib.
Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 22,6% artaraq 27 014, o cümlədən fiziki şəxslərin sayı 22,4% artaraq 25 397, hüquqi şəxslərin sayı 26,4% artaraq 1 617 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il yanvarın 1-nə 16 652-yə bərabər olub ki, bu da illik müqayisədə 48,0% çoxdur. O cümlədən, debet kartların sayı 2012-ci ildə 41,8% artaraq 13 875-ə, kredit kartların sayı 89,7% artaraq 2 777-yə çatıb.
Hazırda bankın ölkə üzrə 21 filialı, 36 bankomatı, 118 POS-terminalı fəaliyyət göstərir. Bankın 461 işçisi var.