“Azər-Türk Bank” aktivlərini üçqat artırıb
Bakı. Musa Əhmədov - APA-Economics. “Azər-Türk Bank”ın aktivlərinin həcmi 2016-cı ilin I rübündə 1 233,746 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,23 dəfə çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 55,37% artaraq 417,441 mln. manat olub.
İpoteka kreditləri isə, 2015-ci ilin I rübü ilə müqayisədə bu ilin eyni dövründə 8,57 dəfə artaraq 16,299 mln. manata bərabər olub.
Bununla yanaşı, bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi isə 2,14 dəfə artaraq 15,941 mln. manat olub.
Bankın depozit portfeli illik müqayisədə 33,91% artaraq 359,852 mln. manata bərabər olub.
Bir il ərzində bankın məcmu kapitalı 8,94% artaraq 60,718 mln. manata çatıb.
Qeyd edək ki, “Azər-Türk Bank” cari ilin ilk üç ayını 7 mln. 889,46 min manatlıq mənfəətlə başa vurub.
Hazırda bankın ölkə üzrə 6 filialı fəaliyyət göstərir.