Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın İcbari Sığorta Bürosuna üzv olan sığorta şirkətləri tərəfindən «Daşınmaz əmlakın icbari sığortası» növü üzrə 2012-ci il ərzində 149 101 sığorta predmeti sığortalanıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatında deyilir.
Məlumata əsasən, bunlardan 4 020-si hüquqi şəxslərə məxsus tikili və qeyri-yaşayış sahələri, 27 887-si fiziki şəxslərə məxsus tikili və qeyri-yaşayış sahələri, 117 194-ü yaşayış evləri və mənzillər olub.
Bu sığorta növü üzrə ümumilikdə 11 379 230,85 manat sığorta haqqı toplanıb. Bundan 4 237 598,48 manatı hüquqi şəxslərə məxsus tikili və qeyri-yaşayış sahələri, 2 676 317,35 manatı fiziki şəxslərə məxsus tikili və qeyri-yaşayış sahələri, 4 465 315,02 manatı yaşayış evləri və mənzillərin sığortalanmasından toplanıb.
Göstərilən sığorta növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı 910 280,60 manat sığorta ödənişi verilib. Bundan 114 648,80 manatı hüquqi şəxslərə məxsus tikili və qeyri-yaşayış sahələri, 169 875,40 manatı fiziki şəxslərə məxsus tikili və qeyri-yaşayış sahələri, 625 756,40 manatı yaşayış evləri və mənzillərə dəyən zərərə görə ödənilib.
Daşınmaz əmlakın icbari sığortası növü sığorta yığımına görə 2012-ci ildə icbari sığorta bazarının 8,91%-ni, ümumi sığorta bazarının isə 3,42%-ni təşkil edib.