Bank Of Baku

Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının iclası keçirilib

 Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının iclası keçirilib
# 24 avqust 2013 12:27 (UTC +04:00)

Komissiyada təmsil olunan aidiyyəti qurumların nümayəndələrinin iştirak etdiyi tədbirdə Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrin mövcud vəziyyəti, əməkdaşlıq perspektivləri və digər məsələlər müzakirə olunub.

 

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iclasda çıxış edən iqtisadi inkişaf naziri, Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev qeyd edib ki, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri Avropa Birliyi ilə davamlı və səmərəli münasibətlərin qurulması və inkişaf etdirilməsidir. Bu münasibətlərin əsası 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi və Azərbaycanın Avropa Qonşuluq Siyasətinə qoşulması ilə qoyulub. 2006-cı ildə bu siyasət çərçivəsində qəbul edilmiş Fəaliyyət Planı, 2009-cu ildə qoşulduğumuz Şərq Tərəfdaşlığı Təşəbbüsü, həmçinin enerji sahəsində əməkdaşlıq sənədləri Avropa Birliyi ilə ikitərəfli və çoxtərəfli münasibətlərin daha da genişlənməsinə zəmin yaradıb. Azərbaycan prezidentinin son 10 il ərzində Avropa Komissiyasına həyata keçirdiyi 5 səfər, habelə 2011-ci və 2012-ci illərdə Avropa Birliyi Şurası və Avropa Komissiyası prezidentlərinin Azərbaycana səfərləri bu münasibətlərin inkişafına böyük təkan verib, bərabərhüquqlu və qarşılıqlı hörmət üzərində qurulmuş səmərəli əməkdaşlığı təşviq edib.

 

AB-nin Azərbaycanın əsas ticarət tərəfdaşlarından olduğunu diqqətə çatdıran Ş.Mustafayev ötən il Avropa Birliyi ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payının 41%-i ötdüyünü, bu ilin ilk 6 ayında isə 43,7% olduğunu vurğulayıb. Son 10 ildə AB ölkələrinin Azərbaycanda əsas kapitala yönəlmiş və qeyri-neft sektoruna qoyulmuş birbaşa investisiyalarının ümumi xarici investisiyalarda xüsusi çəkisi müvafiq olaraq 51% və 36,5% olub. Birliyin 20 üzv ölkəsi ilə Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılması, 17 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb, 13 üzv ölkə ilə hökumətlərarası komissiya yaradılıb. Azərbaycanın sürətli inkişafı bir sıra Avropa ölkələrinə də investisiya qoyuluşu üçün imkan yaradıb. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və Trans-Adriatik Qaz Boru Kəməri layihəsi enerji sahəsində strateji əməkdaşlığımızın gözəl nümunələrindəndir.

 

Bu gün Azərbaycan ilə AB arasında gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün geniş dialoq məkanı mövcuddur. Şərq Tərəfdaşlığı Təşəbbüsünün müxtəlif platforma və panelləri, Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində Əməkdaşlıq Şurası, Parlamentlərarası Əməkdaşlıq Komitəsi, AVRONEST və digər təsisatlar çərçivəsində mütəmadi görüşlər keçirilir, Avropa Qonşuluq Siyasətinin və Şərq Tərəfdaşlığı Təşəbbüsünün mövcud vəziyyəti, tərəflər arasında hüquqi, siyasi, iqtisadi, ticari, sosial, regional əməkdaşlıq imkanları, Avropa Birliyinin müxtəlif yardım proqramları müzakirə edilir. Bundan başqa, hazırda müvafiq dövlət qurumları tərəfindən AB ilə Assosiasiya Sazişi, Vahid Aviasiya Məkanı Sazişi və ölkəmizin AB ilə əməkdaşlığı üçün yeni imkanlar yaradan Müasirləşmə üzrə Strateji Tərəfdaşlıq Sənədi üzrə danışıqlar aparılır.

 

Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev isə çıxışında Azərbaycan ilə AB arasında əlaqələrin mövcud vəziyyəti, Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi, Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində görülən işlər, müzakirə edilən sazişlər üzrə aparılan danışıqlar, habelə bu sahədə nəzərdə tutulmuş tədbirlər barədə komissiya üzvlərinə məlumat verib. İclasda həmçinin Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov çıxış edib.

 

Toplantıda Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının işinin təkmilləşdirilməsi və Azərbaycan qanunvericiliyinin AB qanunvericiliyinə uyğunlaşdırılmasına dair Tədbirlər Planı üzrə müvafiq qərarlar qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR