Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvarın 1-nə “Azercell Telekom” MMC-nin aktivləri 716 mln. 762 min manat təşkil edib ki, bu da 2014-cü ilin yanvarın 1-nə olan göstəricidən 128 mln. 57 min və ya 21,75% çoxdur.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə “Azercell Telekom”un cəmi kapitalı 128 mln. 558 min manat və ya 25,01% artaraq 642 mln. 558 min manat olub.
2014-cü ilin yekununa şirkətin cəmi öhdəlikləri 74 mln. 204 min manat təşkil edib. Bu isə 2013-cü ildəkindən 501 min manat və ya 0,67% azdır.
Şirkət 2014-cü ildə 433 mln. 285 min manat gəlir əldə edib ki, bu da 2013-cü ildəkindən 25 mln. 146 min manat və ya 5,49% azdır.
Buna baxmayaraq şirkət cəmi xərc və məsrəfləri azaltdığından 2014-cü ildə əldə etdiyi mənfəət 2013-cü ildəkindən çox olub. Belə ki, 2013-cü il ilə müqayisədə 2014-cü ildə cəmi xərc və məsrəfləri 31 mln. 520 min manat və ya 10,29% azaltdığından şirkət ötən il 2013-cü il ilə müqayisədə 8,24% çox, yəni 128 mln. 558 min manat mənfəətlə başa vurub.
Qeyd edək ki, 2013-cü ildə “Azercell Telekom” 118 mln. 773 min manat mənfəət əldə edib.