2018-ci ilin yanvar-mart ayı ərzində "Azexport.az" portalına 185,6 mln. ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub.
"APA-Economics"in məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2018-ci ilin aprel ayı üçün sayında qeyd olunub ki, bu ilin mart ayı ərzində "Azexport.az" portalına 66,5 mln. ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Ümumilikdə isə 2017-ci ilin yanvar ayından 2018-ci ilin 31 mart tarixinə kimi "Azexport.az" portalına dünyanın 90 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 660,6 mln. ABŞ dolları təşkil edib.
Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, cari ilin mart ayında ən çox ixrac sifarişi şərab, yumurta, nar şirəsi, alma, findıq ləpəsi, qənnadi məhsulları, pomidor, buğda kəpəyi, makaron, çay, zəfəran, pambıq yağı, tibbi tənzif, dekorativ güllər, konservləşdirilmiş ət, mühərrik yağı, tikinti materialları və s. mallara daxil olub.
Həmçinin, “İxrac İcmalı”nın aprel sayında Azərbaycanda ilk dəfə Sərbəst Satış Sertifikatının verilməsinə başlanılması, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin sahibkarlara göstərdiyi xidmətlər, bal ixracı ilə bağlı aparılan araşdırma, və s. məsələlər barədə də məlumatlar verilib.
Qeyd edək ki, “İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.