Bakı - APA-Economics. "2015-ci ilin sonunda baş verən ikili devalvasiya nəticəsində istehlakçıların alıcılıq qabiliyyəti aşağı düşdü ki, bu, bizim holdinqə daxil olan şirkətlərin maliyyə vəziyyətinə də təsir etdi".
Bunu "APA-Economics"ə açıqlamasında "Cahan Holdinq”in prezidenti Vüqar Abbasov deyib.
Onun sözlərinə görə, geriləmə cari ilin birinci rübündə də müşahidə olunur.
V. Abbasov qeyd edib ki, holdinqin tərkibində fəaliyyət göstərən şirkətlərin maliyyə vəziyyəti ikinci rübdə müsbət məcraya dəyişəcək: "Biz düşünürük ki, ikinci rübdən sonra artıq artan xətlə inkişafımız davam edəcək. Bunun üçün bizim istənilən qədər resurslarımız və savadlı kadrlarımız var. Təcrübəmizə əsaslanaraq, vəziyyətdən çıxa biləcəyik".
Holdinq rəhbəri qeyd edib ki, enmələr əsasən inşaat və avtomobil sektorlarında müşahidə olunub: "İnşaat sektoruna yönəlik bizim istehsal sahələrimiz, fabrik və zavodlarımız var. Enmələr əsasən bu sektorda müşahidə olunur. Ticarət sektorunda enmələr o qədər də yoxdur. Bilirsiniz ki, biz "Opel" markasının Azərbaycandakı distributoruyuq. Enmələr daha çox bu sektorda özünü qabarıq şəkildə göstərib".