2017-ci ilin fevral ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 1476 beynəlxalq sığorta müqaviləsi bağlanılıb.
İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, bunlardan 786 müqavilə Türkiyə və İrana, 657 müqavilə Rusiya, Moldova və Ukraynaya, 33 müqavilə isə Yaşıl Kart sisteminə daxil olan bütün ölkələrə (Belarus və İsrail istisna olmaqla) səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub.
Fevral ayında beynəlxalq sığorta müqavilələri üzrə daxil olan sığorta haqları 108 254 manat təşkil edib. Yaşıl Kart üzrə bağlanılan müqavilələrin 1165-i minik, 168-i yük, 135-i qoşqu, 7-si avtobus, 1-i isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.
Hazırda Yaşıl Kart sığorta növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti fəaliyyət göstərir.