"Fitch" beynəlxalq reytinq agentliyi dekabrın 20-də bankların qiymətləndirilməsi meyarları metodologiyasına etdiyi dəyişikliklərlə əlaqədar olaraq Azərbaycan Beynəlxalq Bankının (ABB) reytinq proqnozlarına yenidən baxılacağını elan edib.
ABB-nin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, metodologiyada aparılan dəyişikliklərə uyğun olaraq, "Fitch" "ccc" reytinq proqnozu səviyyəsinə "+" və "-" modifikatorlarının tətbiqini planlaşdırır. Buna əsasən, ABB-nin hazırda "ccc" səviyyəsində olan dayanıqlılıq reytinq proqnozuna (VR) yenidən baxılması nəzərdə tutulur.
Reytinq proqnozlarının dəyişməsi bankın risk profilinin qiymətləndirilməsindən asılı olaraq 2018-ci ildə elan ediləcək. Xatırladaq ki, ABB-nin öhdəliklərinin könüllü restrukturizasiyası prosesi müvəffəqiyyətlə başa çatdıqdan sonra bankın xarici valyutada uzunmüddətli reytinqi Fitch tərəfindən "B-" səviyyəsinə yüksəldilib.