Bakı - APA-Economics. "Moody’s Investors Service" beynəlxalq agentliyi "Unibank" ASC- nin reytinq qiymətləndirməsi üzrə proqnozlarını “stabil” kimi təsdiqləyərək, bankın 2014-cü ildən bu günə qədər reytinqini "B2" səviyyəsində qoruyub saxladığını bir daha təsdiq edib.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, agentliyin bu qərarı "Unibank"ın bazarda olan iqtisadi çağırışlara hazırlığının yüksək olduğunun bir daha sübutudur. "Moody’s" ekspertləri "Unibank"ın bu mövqedə stabilliyini təmin edən əsas səbəblərin bankın yaxşı kapitallaşması, adekvat idarəetmə sistemlərinin və risklərin yüksək səviyyədə idarə edilməsi olduğunu bildirib.
Beynəlxalq reytinq agentliyinin ekspertləri Azərbaycanın öndə gedən banklarından biri olan "Unibank"ın reytinqinin artırılmasının mümkünlüyünü istisna etmir və bunun maliyyə göstəricilərinin gələcək sabit artımından asılı olacağını bildirirlər.
Xatırladaq ki, bir müddət əvvəl “Fitch Ratings” beynəlxalq reytinq agentliyi də "Unibank"ın reytinqini əvvəlki səviyyədə - stabil olaraq təsdiqləyib. "Fitch" nümayəndələrinin açıqlamasına görə, uzunmüddətli reytinqin əvvəlki həddə saxlanılması bankın pərakəndə və mikrokreditləşməni sürətləndirilməsində böyük rol oynaması ilə də əlaqədardır.