2017-ci ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 13 mln. 266 min 200 manat məbləğində kreditlər verilib.
“APA-Economics”in məlumatına görə, verilmiş kreditlərin 2 mln. 712 min 800 manatı və yaxud 20,4%-i qısamüddətli, 10 mln. 553 min 400 manatı və yaxud 79,6%-i uzunmüddətli kreditlər olub. Qeyd edək ki, son 1 ildə Naxçıvanda kreditləşmənin həcmi 39,52% azalıb. Belə ki, 2016-cı ilin yanvar-iyul aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 21 mln. 937 min 200 manat məbləğində kreditlər verilib.
Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilib. 1 avqust 2017-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 61569-a çatıb ki, bunun da 52424-ü və ya 85,1%-i aktiv hesablardır. 2017-ci ilin yanvar-iyul aylarında açılmış 18726 bank hesabının 18663-ü aktiv hesablar olub. Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 avqust 2017-ci il tarixə 1253-ə çatıb.