Manatın devalvasiyası bank sisteminin likvidliyinin zəifləməsi və kredit şərtlərinin sərtləşdirilməsi ilə nəticələnib. "APA-Economics" "Ernst&Young" şirkəti tərəfindən aparılan "PAŞA Bank" ASC-nin konsolidasiya olunmuş audit hesabatına istinadən xəbər verir ki, hazırda iqtisadi artım, kapitalı əldə etmək imkanı və kapitalın dəyəri ilə bağlı bankın gələcək əməliyyat nəticələrinə, maliyyə vəziyyətinə və biznes perspektivlərinə hazırda müəyyən edilə bilməyən şəkildə mənfi təsir göstərə bilən qeyr-müəyyənliklər mövcuddur: "Bu mənfi təsirlərə ümidsiz borcların artması və kredit girovlarının dəyərinin azalması ilə kredit portfelinin pisləşməsi, eləcə də investisiya qiymətli kağızları üzrə zərərlərin yaranması daxil ola bilər".
Sənəddə qeyd edilir ki, Azərbaycan hökuməti cari iqtisadi çətinliklərə cavab olaraq islahatları sürətləndirmək və bank sistemini dəstəkləmək planlarını bəyan edib. "Bank rəhbərliyi cari şəraitdə baş verən bu cür dəyişiklikləri izləməkdədir və "PAŞA Bank"ın yaxın gələcəkdə fəaliyyətinin davamlılığı və inkişafını dəstəkləmək üçün lazım hesab etdiyi ehtiyat tədbirlərini görməkdədir".