"2016-cı ildə strateji fəaliyyətimizə sadiq qalaraq maliyyə bazarında olan çağırışları nəzərə alaraq müştərilərimizə dəstək olmağa davam etmişik". "APA-Economics" xəbər verir ki, bunu bugünkü mətbuat konfransında "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri Taleh Kazımov deyib.
Onun sözlərinə görə, ötən il həm müştərilər, həm də bank üçün uğurlu il olub: "Bankın nəticələri yaxşı olanda müştərilərin də göstəriciləri yaxşı olmalıdır. Ötən il müştərilərə mümkün olduğu qədər dəstək olmağa çalışmışıq. Bu da müştərilərin məmnunluğunun artırılmasına gətirib çıxarıb. Əgər 2014-cü ildə müştərilərimizin sayı 700 idisə, ötən ilin sonuna bu rəqəm 2200-dən artıq olub. İlk dəfə olaraq, ötən il korporativ müştərilərin tələbatı nəticəsində fərdi bankçılıq sahəsində fəaliyyət göstərməyə başlamışıq. Bunun üçün xidmət mərkəzi açmışdıq. Bu mərkəzlə bank xidmətləri göstərməyə başlamışıq. Ötən il kart istifadəçilərimizin sayı 35 minə çatıb. Bu sahədə istifadəçilərin sayı hər gün artır. Öz fəaliyyətimizi genişləndirmək niyyətindəyik".
Bankir əlavə edib ki, artıq aprel ayından bankın 2018-2020-ci illəri əhatə edən yeni strategiya planı hazırlanıb.