Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Standard & Poor`s" ("S&P") beynəlxalq reytinq agentliyi "Kapital Bank" ASC-nin uzunmüddətli və qısamüddətli kredit reytinqini "BB-/B" səviyyəsində təsdiqləyib.
"APA-Economics" xəbər verir ki, "S&P" reytinq üzrə proqnozu "stabil"dən "neqativ"ə endirib.
Bildirilir ki, reytinq üzrə proqnozun dəyişməsinə səbəb bankın kredit portfelinin təzyiqə məruz qalmasıdır. Bununla yanaşı, agentliyin analitikləri hesab edir ki, bankın kapital bazası riskləri neytrallaşdırmağa imkan verir.
"S&P"-nin proqnozlarına görə, 2016-cı il ərzində bankın problemli kreditlərinin 2015-ci il iyunun 30-na olan 9%-lik göstəricidən 13-15%-ə yüksələ bilər. "Problemli kreditlərin artması əhali gəlirlərinin azalması ilə bağlıdır. Bu, bütün bank sektoru üçün səciyyəvi haldır. Bununla yanaşı, 2016-cı ildə problemli kreditlərin ümumi bank sektoru ilə müqayisədə o qədər də yüksək olmayacağını proqnozlaşdırırıq", - deyə analitiklər hesab edir.
Azərbaycan əməliyyat mühiti, o cümlədən "Kapital Bank"ın maliyyə göstəriciləri yaxşılaşdığı halda, "S&P" bankın reytinqi üzrə proqnozunu "stabil" səviyyəsinə qədər qaldıra bilər.