Bakı. Musa Əhmədov - APA-Economics. Türkiyənin ən böyük şirkətlər qrupu "Koç Holding" və Avropanın ən böyük bankçılıq qrupunun ana səhmdarı olduğu "Yapı Kredi"nin törəmə bankı “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 2015-ci il ərzində 34,6%-lik artaraq 469,2 mln. manata çatıb.
"APA-Economics"in xəbərinə görə, 2015-ci ilin qlobal iqtisadiyyatda dalğalı bir il olduğunu bildirən "Yapı Kredi Bank Azərbaycan"ın İdarə Heyətinin sədri Cenk Yüksel deyib ki, "Yapı Kredi Bank Azərbaycan" 2015-ci ildə "Xidmətdə Sərhəd Yoxdur" prinsipinə sadiq qalaraq müştərilərinə müxtəlif yeni və innovativ məhsullar təqdim edib. Onun sözlərinə görə, yeni POS-terminallar quraşdırmaq və plastik kart məhsulunu inkişaf etdirməklə, qeyri-nağd ödənişlərin stimullaşdırılması üzrə prioritetlərə xüsusi önəm verilib: "Nəticədə, 2015-ci ildə bankın əsas vəsaitlərini və qeyri-maddi aktivlərini 2014-cü il ilə müqayisədə 7% artıraraq 23,770 milyona çatdırdıq. İnternet Bankçılıq məhsulunun istifadə imkanlarını genişləndirərək xidmətdən istifadə edən müştərilərin sayını 35 minə çatdırdıq. İlin ilk aylarında IOS, "Android" və "Windows Mobile" əməliyyat sistemləri üçün hazırladığımız Mobil Bankçılıq tətbiqetməsini müştərilərin istifadəsinə təqdim etdik və 2015-ci ilin sonuna qədər 7 minə yaxın müştəri tətbiqetməni yükləmişdir. Bankın 7/24 fasiləsiz fəaliyyət göstərən Telefon Mərkəzi il ərzində 300 mindən artıq zəngə cavab verib, müştərilərinin suallarını cavablandırıb və bank əməliyyatlarının həyata keçirilməsində köməklik göstərib. Gördüyümüz işlərin nəticəsi olaraq, Bankımız tərəfindən göstərilən xidmət beynəlxalq səviyyədə qiymətləndirilib və 2015-ci ildə İngiltərənin nüfuzlu "Global Banking" and "Finance Review" təşkilatı tərəfindən "2015-ci ilin Ən Yaxşı Pərakəndə Bankı" və "2015-ci ilin Ən Yaxşı İnternet Bankçılıq Məhsulu" mükafatlarına layiq görüldük".
C. Yüksel əlavə edib ki, ölkə iqtisadiyyatında biznes sahələrinin inkişaf etməsinə töhfə vermək məqsədi ilə bank olaraq real sektora dəstək verilib: “Yapı Kredi Bank Azərbaycan olaraq iqtisadiyyatın real sektoruna ayrılan kreditlərin həcmini 2014-cü il ilə müqayisədə 2015-ci ildə 6% artırdıq. Bu gün 14 filial, 1 müştəri xidmətləri departamenti və 1 şöbə vasitəsi ilə pərakəndə və korporativ bankçılıq sahələrində 200 mindən çox müştəriyə xidmət vermənin qürurunu yaşayırıq. Bankımız ilk gündə olduğu kimi eyni motivasiya, müştəri yönümlü yanaşması və “Xidmətdə Sərhəd Yoxdur” prinsipi ilə həllər təqdim etməyə davam edəcək".