Bakı. Musa Əhmədov – APA-Economics. Asiya İnkişaf Bankı Azərbaycanda yolların bərpası və körpülərin qurulması, eləcə də yeni magistral yolun inşası ilə bağlı 295 mln. dollar məbləğində krediti təsdiq edib.
“APA-Economics”in məlumatına görə, bu barədə Asiya İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono məlumat verib.
Onun sözlərinə görə, AİB Gəncə-Qazax regionunda yerli yolların bərpası və körpülərin yenidən qurulması üçün 45 mln. dollar, Cəlilabad və Şorsuluda yeni magistral yolun tikilməsi üçün 250 mln. dollar kredit ayıracaq.
Bundan başqa, AİB mikromaliyyə, şəhər nəqliyyatı, bərk məişət tullantılarının idarə edilməsi və enerji sektoruna 4,5 mln. dollar texniki yardım ayırıb.
Hazırda icra olunan aktiv portfel 1,2 mlrd. dollar təşkil edir. 2014-cü ildə layihələr çərçivəsində 231 mln. dollar məbləğində müqavilələr imzalanıb ki, bu da proqnozları üstələyir. Layihələr çərçivəsində 2014-cü ildə 161 mln. dollar vəsait xərclənib ki, bu proqnozun 90%-ni təşkil edir.
Qeyd edək ki, ümumiyyətlə AİB və Azərbaycan hökuməti arasında bağlanan müqavilələrin həcmi 997 mln. dollardır.