Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) prezidenti Takehiko Nakao bu gün prezident İlham Əliyev və maliyyə naziri Samir Şərifovla görüşüb.
“APA-Economics” xəbər verir ki, bunu T. Nakao bu gün keçirdiyi mətbuat konfransında bildirib.
AİB prezidenti bildirib ki, onun səfərinin məqsədi 2015-ci ilin mayın 2-5-də Bakıda keçiriləcək AİB-nin Rəhbərlər Şurasının illik toplantısına hazırlıq işləri ilə tanış olmaqdır.
T. Nakaonun sözlərinə görə, tədbirə 3000-dən artıq iştirakçı, nazirlər və hökumət nümayəndələri, ikitərəfli və çoxtərəfli inkişaf agentlikləri, alimlər və digər şəxslər iştirak edəcəklər: “Toplantı 48 regional və 19 qeyri-regional üzvlərimiz arasında inkişaf yönümlü əməkdaşlığı təbliğ edir. AİB-in Azərbaycanla bağlı 2014-2018-ci illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası ölkəyə öz iqtisadiyyatını şaxələndirməyə və özəl sektoru inkişaf etdirməyə kömək edəcək. AİB öz dəstəyini nəqliyyat, enerji və şəhər xidmətləri, kiçik və orta biznesin, dövlət-özəl sektorları arasında tərəfdaşlığın inkişafına yönəldəcək”.
AİB 2014-cü ilin sentyabr ayınadək Azərbaycan hökumətinə 1,8 mlrd. dollar, özəl sektor təşkilatlarına 143 mln. dollar həcmində kredit və qrant ayırıb.