Oktyabrın 20-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) 25 mln. manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən "APA-Economics"ə verilən məlumata görə, istiqrazlar 1003,50 manat qiyməti ilə satışa çıxarılacaq.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən AİF-in adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti avqustun 16-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.