Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 56,6 mln. manat və ya 0,76% azalaraq 2016-cı ilin martın 1-ə 7 mlrd. 411,6 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar ayı ilə müqayisədə fevralda bankların xarici borclanması 974,3 mln. manat və ya 11,62% azalıb.
Xatırladaq ki, 2015-ci ilin dekabrı ilə müqayisədə bu ilin yanvarında bankların məcmu xarici öhdəliklərin həcmi 181,4 mln. manat və ya 2,21% artıb.
Qeyd edək ki, bankların məcmu xarici aktivlərinin həcmi 2016-cı ilin martın 1-ə 7 mlrd. 350,4 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 mlrd. 181 mln. manat və ya 1,76 dəfə çoxdur. Məcmu xarici aktivlərin həcmində bu ilin yanvar ayı ilə müqayisədə fevralda 659,1 mln. manat və ya 8,23%-lik azalma baş verib.